Avropalı treyderlər Avropa İttifaqının sanksiyalarına əməl etmək üçün mayın 15-dən Rusiya neftinin alışını azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Bundan əvvəl Avropa İttifaqı “Rosneft” və “Qazprom Neft”ə qarşı sanksiyalar tətbiq edərək, “qara siyahı”ya düşən şirkətlərlə birbaşa və ya dolayısı ilə sövdələşmələr aparmağı qadağan edib. Eyni zamanda, məhdudiyyətlər onlardan neft və qaz da daxil olmaqla qalıq yanacaqların alınmasına birbaşa təsir etməyib.

Müvafiq qərar Avropa İttifaqına üzv olan bəzi dövlətlərin, o cümlədən Almaniyanın Rusiya karbohidrogenlərindən ciddi şəkildə asılı olması ilə əlaqədar qəbul edilib. Eyni zamanda, mayın 15-dək Avropa şirkətlərinə 2022-ci il martın 16-dan əvvəl bağlanmış müqavilələri icra etməyə icazə verilib.

Sinqapurda yerləşən “Trafigura” transmilli mübadilə şirkəti qarşıdakı həftələrdə Rusiyadan neft alışlarının azalacağını təsdiqləyərək tətbiq olunan bütün sanksiyalara tam əməl edəcəyini bildirib:

“Biz mayın 15-dən həcmlərimizin daha da azalacağını gözləyirik”.

Dünyanın ən böyük neft treyderi olan İsveçrə-Niderland şirkəti Vitol daha əvvəl bu ilin sonuna qədər Rusiya nefti ilə ticarəti dayandırmaq niyyəti barədə məlumat vermişdi.