Yanvarın 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan notun həcmi 100 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar fevralın 9-da ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4397- 99.5351 AZN təşkil edir. Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.