Moskva birjası 2023-cü ildə valyuta bazarında Azərbaycan manatı ilə ticarətə başlamağı planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskva birjasının İdarə Heyətinin sədri Yuri Denisov bildirib.

“2023-cü il üçün planlara BƏƏ dirhəmi, Azərbaycan manatı və Misir funtu ilə ticarətin başlanması daxildir. Bunlar Rusiyanın əsas xarici ticarət tərəfdaşlarının valyutalarıdır”, – deyə o qeyd edib.

Y.Denisov vurğulayıb ki, marağın milli valyutalara yönəldilməsi və onların ticarət həcminin dollar və avro ilə əvəzlənməsi valyuta bazarında əsas tendensiyaya çevrilib.

Moskva birjasının Biznesin İnkişafı Departamentinin icraçı direktoru Kirill Pestov da qeyd edib ki, milli valyutalara artan tələbat fonunda birja gələn il bazarda “Türk lirəsi – Rusiya rublu”, “Honq Konq dolları – Rusiya rublu” və “ABŞ dolları – Çin yuanı” cütləri üzrə fyuçersləri işə salmağı planlaşdırır.