Milli Depozit Mərkəzi (MDM) “Kağızsız hökumət”ə keçid çərçivəsində “ASAN İnnovasiyalar Mərkəzi”nin texniki dəstəyi ilə Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (MESD) sisteminə inteqrasiya olunub.
“APA-Economics” bu barədə MDM-ə istinadən xəbər verir.
Qeyd edilib ki, MESD sisteminə qoşulma digər dövlət qurumları ilə səmərəli kommunikasiyanın qurulmasına və müasir texnoloji həllərin tətbiqinə yönəlib. Bu, həmçinin “MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası”na uyğun olaraq kargüzarlıq sisteminin təkmilləşdirilməsini və yenilənməsini mümkün edəcək, sənəd dövriyyəsinin daha sürətli və səmərəli olmasına, məlumatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl şifrələmə texnologiyalarından istifadə edilməsinə imkan yaradacaq.
Kağız əsaslı əməliyyatların azaldılması nəticəsində əməliyyat vaxtı və xərcləri əhəmiyyətli dərəcədə azalacaq.