ABŞ Federal Ehtiyat Sisteminin rəhbərliyi pul siyasətini sərtləşdirməyə davam etmək niyyətindədir

Federal Ehtiyatlar Sisteminin rəhbərliyi ABŞ iqtisadiyyatı üçün risklərə baxmayaraq, pul siyasətinin sərtləşdirilməsi (faizin artırılması) siyasətini davam etdirmək niyyətindədir.

Marja xəbər verir ki, Federal Ehtiyatlar Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü dərc olunan protokollarından belə çıxır.

Dekabr iclasının protokolunda deyilir: “Komitənin üzvləri ümumi olaraq razılaşdılar ki, inflyasiya 2 faizə yaxınlaşdığı halda, məhdudlaşdırıcı siyasətin uzun müddət saxlanılması risklərin idarə edilməsi baxımından məqbuldur”.

FED inflyasiyanın “2%-ə qayıdacağını” gözləyir. Eyni zamanda, iclas zamanı bir sıra FOMC üzvləri pul siyasətinin “daimi” sərtləşdirilməsinə dair xəbərdarlıq ediblər.

“İştirakçılar ümumiyyətlə qeyd etdilər ki, komitənin gələcək siyasət qərarları daxil olan məlumatlar nəzərə alınmaqla qəbul ediləcək və Komitə iclasdan-iclas əsasında qərarlar qəbul etməyə davam edəcək”, – Protokollarda bildirilir.

Dekabr iclasının nəticəsi olaraq ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 50 baza bəndi artıraraq illik 4,25-4,5%-ə çatdırmaq qərarına gəlib. FED rəhbəri Cerom Pauel daha sonra bildirib ki, monetar tənzimləyici inflyasiyanın azalması sabit və dayanıqlı olduğu ortaya çıxana qədər baza faiz dərəcəsinin yüksək səviyyədə saxlanmasını məqsədəuyğun hesab edir. Əvvəllər FED dərəcəsini bir neçə dəfə 75 baza bəndi artırıb, lakin ABŞ-da inflyasiyanın yavaşlaması fonunda daha mötədil tədbirlərə keçib.