“Coinbase” kriptobirjası ABŞ-ın çirkli pulların yuyulmasına qarşı qanunlarını pozduğuna görə 50 milyon dollar cərimələnib. Birja cəriməni ödəməyə razılıq verib, həmçinin qanunun tələblərinə əməl olunmasına daxili nəzarəti gücləndirmək üçün daha 50 milyon dollar ödəyəcəyini bildirib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Cərimə barədə Nyu-York Dövlət Maliyyə Xidmətləri Departamenti (DFS) məlumat yayıb. Onun sözlərinə görə, mübadilə tərəfindən törədilən pozuntular “Coinbase-i fırıldaqçılıq, mümkün çirkli pulların yuyulması, həmçinin uşaqların cinsi istismarı materialları və narkotik ticarəti ilə bağlı iddia edilən fəaliyyət də daxil olmaqla ciddi cinayət davranışlarına qarşı həssas edib”.

Media 2022-ci ilin iyulunda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının da “Coinbase Global” ilə bağlı araşdırmaya başladığını yazıb. ABŞ səlahiyyətliləri kriptovalyuta mübadiləsi operatorunu ABŞ vətəndaşlarına qiymətli kağızlar kimi qeydiyyata alınmayan rəqəmsal aktivlərlə ticarət etməyə icazə verməkdə təqsirli biliblər ki, bu da ABŞ qanunlarına ziddir.