“Binance” kriptobirjası 2021-ci ilin oktyabr ayından rəqəmsal səhmlərin ticarətini dayandıracaq.

Banker. bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət bu qərarını diqqətini digər layihələrə yönəltmək istəyi ilə izah edib.

Qiymətli kağızların rəqəmsal versiyalarını artıq almaq mümkün deyil, əldə olanları satmaq üçün isə platforma 90 gün vaxt verir. Birja tokenlərinin dəstəyi 14 oktyabr tarixində Bakı vaxtı ilə saat 23:55-də dayandırılacaq. Oktyabrın 15-də tokenləşdirilmiş səhmlərin bütün mövqeləri həmin günki qiymətə bağlanacaq. Şirkət qiymətlərin əvvəlki gündəki bazar qiymətlərindən fərqli ola biləcəyi barədə xəbərdarlıq edib.

Tokenləşdirilmiş səhmlər – real qiymətli kağızlara bağlı olan blokçeyn qeydləridir. “Binance” – ticarət həcminə görə dünyanın ən böyük kriptobirjasıdır. O, “Apple”, “Microsoft” və “Tesla” kimi şirkətlərin rəqəmsal səhmlərini təklif edir.

2021-ci ilin iyun ayında Böyük Britaniya öz ərazisində “Binance”ın fəaliyyətini qadağan edib. Bununla yanaşı, iyulun 16-da Honkonq hökuməti “Binance”ın “tənzimlənən fəaliyyətə” icazəsi olmadığını açıqlayıb. Analoji açıqlama İtaliya, Yaponiya və Almaniya verib.