İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 5-də hərrac təşkil ediləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, hərraca 20 dövlət əmlakı çıxarılacaq. Bunlardan 18-i kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikilidir.

Kiçik dövlət müəssisə və obyektlərinə investorlar üçün maraqlı ola biləcək mağaza, yardımçı təsərrüfat, emalatxana binası, maye qaz satışı sahəsi kimi dövlət əmlakı aiddir. Əksər müəssisələr torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılacaq. Yarımçıq tikililər Xaçmaz və Şamaxı rayonlarında yerləşir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Xidmətin rəsmi saytından tanış olmaq olar.