2025-cü ilin ilk rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 13,4 mlrd. dollar təşkil edib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

“Apple” və “NVIDIA”-ya yatırımlar azalıb

Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətlərin səhm portfelində də dəyişiklik olub.

Fondun “Apple Inc”yə yatırımları ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə 89 mln. dollar azalaraq 556 mln. dollara enib. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 5,5%-dən 4,9%-ə kimi enib.

2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlamışdı. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri ötən il hətta 557 milyon dollara qədər yüksəlmişdi. “NVIDIA-ya yatırımlar son 3 ayda isə 113 milyon dollar azalaraq 444 milyon dollara, portfeldə çəkisi isə 4,7%-dən 3,9%-ə enib. Bununla belə, çip bazarının əsas oyunçusu siyahıda yerini qoruyub.

“Microsoft”la bağlı portfel ötən ildən azalmaqda davam edir

Fondun “Microsoft”a yatırımlarının dəyəri isə ötən ilin III rübündən azalmaqda davam edir. Belə ki, səhmlərin dəyəri 504 mln. dollardan 441 milyon dollara kimi azalıb, səhm portfelində payı isə 4,3%-dən 3,9%-ə enib.

“Amazon”a yatırımlar 300 mln. dollara enib

ARDNF-nin “Amazon”a yatırımları isə ötən ilin sonunda 351 milyon dollara qədər artsa da, bu ilin ilk rübündə 300 milyon dollara enib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 3%-dən 2,6%-ə düşüb.

“Meta” son bir ildə TOP-5-likdədir

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin son rübü ilə müqayisədə 217 mln. dollardan 209 mln. dollara enib, portfeldə çəkisi isə dəyişməyərək 1,8% təşkil edib.

Dövlət Neft Fondunun həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyalar 188 mln. dollardan 150 mln. dollara və 163 mln. dollardan 130 mln. dollara enib.

“Tesla” ilə bağlı portfeldə 3 ayda 73 mln. dollarlıq azalma

“Tesla”ya yatırımlarda isə daha kəskin azalma olub. ARDNF-in “Tesla”dakı hissələri 197 mln. dollardan 124 mln. dollara, səhm portfelində çəkisini isə 1,7%-dən 1,1%-ə enib. Başqa sözlə, 3 ayda 73 mln. dollar azalma olub.

“Broadcom İnc”yə aid portfel isə 174 mln. dollardan 124 mln. dollara enib.

“Berkshire Hathaway Inc” ilk onluqda

Ötən ilin sonunda “Berkshire Hathaway Inc” ən investiya edilən şirkətlərin TOP-10-luğuna düşə bilib. Fondun maliyyə nəhənginə investisiyaları 118 mln. dollara, portfeldə çəkisi isə 1%-ə bərabər olub.

Ümumilikdə, müşahidələr göstərir ki, səhm portfeli üzrə ən çox yatırım edilən TOP-10 şirkətə yatırımların azalması daha çox ilin əvvəlindən etibarən kapital bazarlarında baş verən enişlə bağlıdır.

TOP-10-luqdakı şirkətlərə yatırımlar 400 milyon dollar azalıb

Qeyd edək ki, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları bu ilin aprelin 1-nə 2 mlrd. 711 mln təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 12,9% azdır. 2025-ci ilin yanvarın 1-nə bu rəqəm 3 mlrd. 112 mln. dollara bərabər olub.

Xatırladaq ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə 1.5 milyard ABŞ dolları təşkil edib.