Çinin böyük inşaat və əmlak şirkəti “Evergrande Group”un iflas edəcəyi qorxusu fonunda Nyu-York Birjasının əsas indeksləri bazar ertəsi günü keçirilən ticarət sessiyası ilə müqayisədə 1.7-2.2% düşüb.

Marja xəbər verir ki, “Dow Jones Industrial Average” 614,41 bənd (1,78%) azalaraq 33 970,47 bənd təşkil edib. S&P 500 indeksi 75.26 bənd (1.70%) geriləyərək 4357.73 bənd civarında olub. NASDAQ elektron ticarət indeksi 321.29 bənd (2.10%) azalaraq 15012.19-a düşüb.

Mütəxəssislərin fikrincə, iri Çin şirkətinin maliyyə problemləri bütün əsas sənaye sahələrində səhmlərin kəskin satışına səbəb olub.

Eyni zamanda, bəzi ekspertlər hesab edir ki, indekslərin aşağı düşməsi koronavirusun delta növünün yayılması fonunda bazarların sürətini itirməsi ilə də əlaqəli ola bilər.

WTI markalı xam neft ucuzlaşıb, belə ki, qiyməti 1,27 dollar (1,76%) azalaraq 70,70 dollara düşüb.

Dünən Asiya və Avropa Birjaları da düşüblər.