Çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması bu sahədə bir sıra pozuntuların qarşısını alacaq.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, hazırda Bakı və bölgələrdə tikilən binaların çoxunun alqı-satqısı və reyestri tikinti şirkətlərinin özləri tərəfindən aparılır.

“İllərdir bir mənzilin bir neçə şəxsə satıldığının şahidi oluruq. İş məhkəməyə qədər gedib çıxsa da məhkəmə belə vətəndaşa köməklik etməkdə çətinlik çəkir. Bütün reyestr baza şirkətin özündə olur və hər hansı korrupsiya halına yol verilsə vətəndaş bu faktı bilmir. Lakin yeni fəaliyyət planında yer alan bölmədə artıq yeni binaların alqı-satqısı vahid reyestrdə toplanacaq. Bu, çıxarışı əvəz edən bir sənəd rolunu oynayacaq. Alqı-satqı olan zaman alacağı mənzilin kimə aid olduğunu dəqiq biləcək”, – E.Fərzəliyev deyib.

Onun sözlərinə görə, yeni binaların tikilməsi iqtisadiyyata fayda verir. Lakin həmin binaların da satışı hansısa dövlət qurumu tərəfindən aparılmalıdır:

“Belə olduqda vətəndaş da əmin olur ki, alacağı mənzil ondan xəbərsiz başqa şəxsə satılmayacaq və mənzilin bir neçə sahibi yoxdur. Yeni tikilməkdə olan binalardakı mənzillər çıxarışla satılmadığına görə insanlar mənzil almağa ehtiyat edirlər. Buna görə də vətəndaşlar gözləmə mövqeyi tuturlar ki, bina tikilib qutarsın və binaya çıxarış verilsin ki, mənzili alsınlar. Lakin çıxarış verildikdən sonra mənzillərin qiymətində bahalaşma müşahidə olunur. Belə ki çıxarışlı mənzillə, müqaviləli mənzil arasında hər kvadratmetrinə görə, 300 manata yaxın qiymət fərqi olur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”na əsasən çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazası yaradılacaq.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi ilə birlikdə 2022-2024-cü illərdə tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsini təmin etməlidir.

Bunun üçün vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər toplanılacaq, vahid informasiya bazası yaradılacaq və daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər təqdim ediləcək.