1 yanvar 2025-ci il tarixindən Azərbaycanda “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun qüvvəyə minəcək. Qanuna uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq ərazidə tikintiyə icazə verən aidiyyatı qurumlar məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Eyni zamanda, gələn ildən Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” qaydaları tətbiq ediləcək.

APA-Economics” torpaqlardan istifadə ilə bağlı qanuvericiliyə edilmiş dəyişikliklərin hansı məsələləri əhatə etməsinə aydınlıq gətirib.

Bəzi iddialar əsassızdır

Torpaq məcəlləsinə edilmiş yeni dəyişikliklər əhali arasında bir sıra yanlış anlaşılmalara səbəb olub. Bəzi vətəndaşlarımız elə hesab edir ki, bu dəyişikliklərlə gələn ildən Bakı və ətraf ərazilərdə, bölgələrdə inşa edilmiş “özbaşına” tikililərin sənədləşdirilməsinə başlanılacaq yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda daimi yaşayış məqsədləri üçün tikintilərin aparılmasına icazə veriləcək. Bu iddialar heç bir həqiqəti əks etdirmir.

Dəyişikliklərin mahiyyəti budur ki, gələn ildən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin inşa edilməsinə və quraşdırılmasına icazə veriləcək. Bu tikililər isə yalnız sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu dəyişikliklər yay və qış otlaqları, ümumi istifadədə olan örüş sahələrinə aid edilməyəcək. Həmin sahələrdə əvvəllər olduğu kimi yenə də tikintiyə icazə verilməyəcək.

Təyinat dəyişikliyinə ehtiyac olmayacaq

Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq. Tikinti-quraşdırma işləri həyata keçirilərkən torpaqların kateqoriya və təyinatının dəyişdirilməsinə ehtiyac olmayacaq. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı isə 5 hektara və 1 faizə dair məhdudiyyətlər tətbiq edilməyəcək. Yəni 5 hektardan az olan sahələrdə də ümumi ərazinin neçə faizini təşkil etməsindən asılı olmayaraq istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması mümkün olacaq. Bu əsaslı tikintilərin aparılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydada “Şəhərsalma və Tikinti Məcəlləsinə” uyğun olaraq qaydada həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulan, habelə işçilərin müvəqqəti yaşaması üçün inşasına yol verilən tikinti obyektlərinin, kənd təsərrüfatı məqsədli istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilməyəcək.

Kateqoriya dəyişikliyi mülkiyyətçinin səlahiyyətidir

“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən, gələn ildən yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişmək imkanı əldə edəcəklər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçilərinin səlahiyyətində olacaq. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Prezident ilə razılaşdırmaqla Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq.

Bu vaxta qədərki tikililərin taleyi

Sözügedən dəyişikliklər gələn ildən baş verəcək münasibətlərə aid ediləcək. Habelə, bu vaxta qədər kənd təsərrüfatı təyinatlı torpaqda hansısa müvəqqəti tikili inşa edilibsə, mülkiyyətçinin müraciəti əsasında həmin tikilinin qanundan irəli gələn normalara uyğunluğu, kənd təsərrüfatına xidmət etmək potensialı, bu vaxta qədər həmin sahibkarın fəaliyyəti yoxlanılacaq, lazımi tələblər qarşılanarsa, həmin tikilinin də sənədləşdirilməsinə imkan yaradılacaq.

Qanundakı dəyişikliklərin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarların iqtisadi imkanlarını artırmaq məqsədi daşıdığı bildirilir. Prosesin kənd təsərrüfatının inkişafında yeni perspektivlər açaraq, ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcəyi gözlənilir.