Son dövrlər Naxçıvanda aparılan islahatların nəticəsində Muxtar Respublikanın daşınmaz əmlak bazarında çox ciddi dinamiklik yaranıb.

Bu barədə “Report”a açıqlamasında Naxçıvanın daşınmaz əmlak bazarını araşdıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

V.Oruc bu dinamikliyin şərtlərini sadalayıb:

“Naxçıvanın daşınmaz əmlak bazarında uzun müddət dinamiklik olmayıb. Bazarda alqı-satqı çox nadir halda olur və qiymətlər də müəyyən şəxslərin nəzarəti altında idi. Naxçıvanda azad bazar münasibətləri demək olar ki, yox idi. Kimsə öz əmlakını satmaq istəyirdisə və o ciddi əhəmiyyətli bir qeyri-yaşayış sahəsi və ya villa idisə, mütləq müəyyən maneələrə rast gəlirdi. Azad bazar münasibətləri olmadığına görə daşınmaz əmlak bazarındakı qiymətlər də tələb və təklifə uyğun olaraq tənzimlənmirdi. Hazırda isə Naxçıvanın daşınmaz əmlak bazarında alqı-satqı faktları artıb. Bankların bu bazara diqqəti yüksəlib. Ölkənin aparıcı bankları hazırda Naxçıvanda öz filiallarını açır və bura ciddi kreditlər ayrılır. Bunlar daşınmaz əmlak bazarında aktivliyin təmini üçün əsas şərtlərdəndir. Naxçıvan İran və Türkiyə ilə həmsərhəddir və bu iki dövlətlə ticarət əlaqələri var. Buna görə də daşınmaz əmlaka qoyulan investisiya baxımından Naxçıvanın perspektivləri çox böyükdür”.

O, qeyd edib ki, Naxçıvanda azad iqtisadi münasibətlərin bərqərar olması, yeni idarəetmə metodlarının tətbiqi, yeni rəhbərliyin təyinatı və ölkədəki ümumi islahatların Naxçıvana da sirayət etməsi, Muxtar Respublikanın Azərbaycana reinteqrasiyasının təmini bu regionun ciddi şəkildə inkişafına səbəb olacaq:

“Düzdür, hazırda regionun əhalisi bunu o qədər də hiss etmir. Çünki islahatlar başlayanda onun nəticələri dərhal hiss edilmir. Bunun üçün müəyyən müddət lazımdır. Müəyən müddətdən sonra Naxçıvan əhalisi də buranın daşınmaz əmlak bazarında aktivliyin artmasına şahid olacaq. Hazırda isə Bakıda fəaliyyət göstərən və bu bölgəyə investisiya qoymaq istəyən biznes adamları var. Onlar Naxçıvanda obyektlər alır ki, bu da qeyri-yaşayış və torpaq sahələrinin, fərdi yaşayış evlərinin bazarda alqı-satqısının çəkisinin artmasına səbəb olur.

Bu proses bir tərəfdən bazarda aktivliyin təmin olunması baxımından müsbət haldır və həm Naxçıvanın, həm də ümumilikdə ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərir. Digər tərəfdən isə regionun daşınmaz əmlak bazarında qiymət artımını şərtləndirir. Hazırda həm Naxçıvanın mərkəzində, həmdə Muxtar Respublikaya daxil olan rayonların hər birində qiymətlər ciddi şəkildə artır”.

V.Oruc hesab edir ki, bazardakı aktivlik yaşayış və qeyri-yaşayış sahələrinin bahalaşmasına səbəb olur: “Naxçıvanda qeyri-yaşayış təyinatlı torpaqların bir sotunun dəyəri 50-60 min manata qədər yüksəlib. Yaşayış üçün isə bir sot torpaq sahəsinin qiyməti 10-15 min manat arasındadır. Bundan aşağı və yuxarı qiymətlər də var. Naxçıvanın mərkəzindən sonra qiymət artımı baxımından sırada Şərur, Babək və Şahbuz rayonları gəlir. İqtisadi inkişaf baxımından hansı rayon öndədirsə, orda qiymətlərin artımı daha yüksək olur”.

AQC-nin sədri bildirib ki, hazırda sərhəd zonalarında yerləşən ərazilərdə qiymət artımı o qədər də yüksək olmasa da, bir müddət sonra iqtisadi inkişafın və qonşu ölkələrlə münasibətlərin daha da inkişafı nəticəsində həmin ərazilərdə də qiymətlərin artımı gözlənilə bilər:

“Naxçıvanda son bir ildə torpaq sahələri təqribən 20-25 % bahalaşıb. Qeyri-yaşayış sahələrinin qiyməti onların həcmindən asılıdır. Kiçik sahələrin bir kvadrat metrinin qiyməti 5-7 min manat arasındadır. Böyük sahələrin isə qiyməti 1 500-2 000 manat civarında dəyişir. Naxçıvanın mərkəzinə doğru və mərkəzə yaxın ərazilərdə yerinə və təmirinin vəziyyətinə görə yeni tikili binalardakı mənzillərin bir kvadrat metrinin qiyməti təqribən 1 500-2 500 manat arasında dəyişir. Köhnə tikililərdə bu qiymət 1 000-1 400 manat civarındadır. Naxçıvanda qiymət artımının davam edəcəyi proqnozlaşdırılır. Həm xarici investorların, həm bu ərazidən turizm üçün istifadə etmək fikrində olan yerli iş adamların və Bakıdan Naxçıvana investisiya qoymaq istəyən şirkətlərin addımları qiymətlərin artımına təsir göstərəcək. Bir müddətdən sonra burda çox ciddi rəqabət yaranacaq. Bu rəqabət indidən hiss olunur”.