İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim etdiyi yaşayış sahələrinin siyahısına daha 268 yeni, tam təmirli mənzil əlavə edilib.
Bəzi vətəndaşlar satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təqdim olunan mənzillərin şərtlərinin heç də asan olmadığını bildirirlər.
Bəs, satmaq öhdəliyi ilə kirayə mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, artıq 2020-ci ilin mart ayından etibarən kirayə mənzillərin verilməsinə start verilib və bu günə kimi 3919 tam təmirli mənzil kirayə öhdəliyi ilə satınalma şərti ilə vətəndaşların istifadəsinə verilib.
O bildirib ki, prosesin başlama mərhələsi ölkəmizdə pandemiyanın başlama vaxtına düşür.
“Həmin ili ümumilikdə götürsək, 413 mənzil kirayə öhdəliyi ilə satılıb. Ondan sonrakı illərdə dinamikanın sürətlə artımı müşahidə edilib. Kirayə mənzillər yeni binalarda, təmirli və çıxarışlı olur. Daşınmaz əmlak bazarında illik qiymət artımı dinamikasını müşahidə etsək təbii ki, kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim olunan mənzillərin də bahalaşmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, İpoteka Fondu həmin mənzilləri alır, təmir elətdirir və çıxarışla təmin olunur, ondan sonra bazara çıxarılır. Ötən il 1661 mənzil kirayə yolu ilə vətəndaşlara verilib. Bu ilin altı ayı ilə ötən ilin eyni dövrü ilə adekvat deyil. Amma təhlillər göstərir ki, ilin üçüncü və dövrüncü dövründə kirayə mənzillərin satışı daha çoxalır”, – deyə ekspert əlavə edib.
Onunn sözlərinə görə, bu layihə ölkədə hər adam üçün əlçatan olmasa da, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müəyyən şəxslərə əlçatandır.
“Bu layihənin daha da təkmilləşdirilməsi və mənzillərin sayının artırılmasına ehtiyac var. Bu mənzillərə tələbat yüksəkdir. Ancaq İpoteka Fondu da bazara külli miqdarda pul axınının həyata keçirilməsində maraqlı deyil. Belə olarsa mənzillərin qiyməti bahalaşa bilər. Ancaq bütün hallarda bu layihənin intensivləşdirilməsinə ehtiyac böyükdür”, – deyə R.Osmanlı qeyd edib.