Bakı şəhəri Nərimanov rayonunda “Keşlə bazarı” kimi tanınan bazar söküləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır.
Qeyd edilib ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir. Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və “Nərimanov” metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq. Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Həmçinin, qeyd edilən birləşmənin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
O da bildirilib ki, şəhər əhəmiyyətli magistral küçə olacaq yolun ümumi uzunluğu 3896 metr, enləri 3,5 metr olmaqla 6 zolaqlı olacaq. Yolda 4 ədəd tunel tikintisi, 3 ədəd yeraltı piyada keçidi nəzərdə tutulub.
Qeyd edək ki, “Keşlə bazarı”nda çalışanlar onlardan yanvarın 1-dək, qısa müddətdə bazarın boşaldılmasının tələb edildiyini bildirir, alternativ yerlərin təklif olunmamasından şikayətlənir, obyektlərdəki malların satışı üçün bir neçə ay vaxta ehtiyacları olduğunu bildirirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bazar rəhbərliyinə hərə aprel ayından bu barədə xəbərdarlıq edildiyini nəzərə çatdırıb: “Tərəfimizdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb, tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu barədə həm yaşayış, həm də qeyri-yaşayış obyektlərinin sahiblərinə məlumatlar da verilib. O cümlədən Keşlə baxarının sahibinə də aprel ayından etibarən bir neçə dəfə məlumatlar verilib, xəbərdarlıq olunub ki, bazarın söküntüsü işləri həyata keçirilməklə yeni yolun inşası işləri aparılmalıdır və bu üzdən də bazar boşaldılmalıdır. Qısa müddətdə bu işləri həyata keçirilməsi ilə bağlı sonuncu xəbərdarlıq da edilib”.
Bazarın rəsmisi Emin Cabbarov APA-ya açıqlamasında deyib ki, “Keşlə bazarı”nın yol tikintisinə görə sökülməsi ilə bağlı hələ may ayından icarədarlara, satıcılara xəbərdarlıq ediblər: “Biz bazarda hamını məlumatlandırmışdıq. Sadəcə olaraq, vaxt indi yetişib. Bizdə olan məlumata görə, yanvar ayının əvvəllərində bazarın söküntüsünə başlanacaq. “Keşlə bazarı” tam söküləcək”.
O, bazar rəhbərliyi tərəfindən icarədarlara, satıcılara güzəşt olaraq son ayı yığım etməyəcəklərini açıqlayıb: “Satıcılara alternativ yerlər isə təklif etməmişik. Çünki gərək bizim özümüzdə də alternativ yer olsun ki, onlara da təklif edək”.
Qeyd edək ki, Nərimanov İcra Hakimiyyətindən APA-ya bildirilib ki, yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir, söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur.