Nazirlər Kabineti “2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazənin forması”nı təsdiqləyib.

APA-nın xəbərinə görə, qərar “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Qərarla 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaları ilə bağlı məlumatların və göstəricilərin əks olunduğu istismara icazənin forması təsdiq edilir.

İstismara icazə verən dövlət orqanları tərəfindən adıçəkilən Fərmanın əhatə etdiyi qeyri-yaşayış təyinatlı binalar istismarına icazə vahid forma üzrə veriləcək.