“Bu ilin may ayı ərzində ümumi daşınmaz əmlak bazarı üzrə qiymətlər 3,38 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,03 % bahalaşma qeydə alınıb”.

Bu sözləri “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert ayrı-ayrı seqmentlər üzrə də qiymət dəyişikliyini diqqətə çatdırıb:

“Torpaq bazarında qiymətlərdə ay ərzində 4,55 % artım, il ərzində 8,45 % azalma olub”

Nüsrət İbrahimov

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru

“Təkrar mənzil bazarında ay ərzində 0,94 %, il ərzində isə 2,59 % azalma, ilkin mənzil bazarında ay ərzində 0,73 % artım, il ərzində isə 3,51 % azalma müşahidə edilib. Mənzillərin kirayə qiymətlərində ay ərzində 3,58 % artım, il ərzində isə 3,12 % azalma olub.

Fərdi yaşayış və bağ evlərinin satış qiyməti ay ərzində 4,63 % azalıb, il ərzində isə 7,8 % artıb. Kirayə qiymətlərində ay ərzində 10,06 %, il ərzində isə 7,32 % qiymət artımı qeydə alınıb”.

N.İbrahimov kommersiya obyektlərinin də qiymətinin artdığını bildirib:

“Kommersiya obyektləri bazarında satış qiymətlərində ay ərzində 2,83 % artımil ərzində 12,1 % artımtorpaq bazarında ay ərzində 4,55 % artım, il ərzində 8,45 % azalma, obyektlərin icarəsi bazarında ay ərzində 10,17 % artım, il ərzində 6,3 % artım, tikinti materialları bazarında ay ərzində 6,99 % artım, il ərzində isə 16,95 % artım müşahidə olunub”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bazarda son dövrlərdə cərəyan edən prosesləri şərh edib:

“Keçən il Bakıda fərdi yaşayış və bağ evlərinin kirayəsi və satışı çox sürətlənmişdi. Bu ilin əvvəlində isə vəziyyət belə olmadı. Bu ilin may ayının sonundan əhali paytaxtdan bölgələrə axmağa başladı. Bakı ətrafında bağ evlərinin kirayəsinə tələbat ötən illə müqayisədə 50 % aşağı düşüb. Çünki bağ evlərinin kirayəsi həm də digər ölkələrdən asılıdır. Məsələn, yay aylarında Rusiyada yaşayan azərbaycanlılar Bakıya gəlib dəniz kənarında istirahət edirdilər. Şərq ölkələrindən, İrandan, ərəb ölkələrindən də insanlar gəlib burda bahalı evlər kirayələyirdilər. Sərhədlər bağlı olduğuna görə bu axın tamamilə dayanıb. əvvəllər yerli sakinlər də bağ evi kirayə edirdilər ki, artıq onlar da etmirlər. Artıq istirahət etmək istəyənlərin əksəriyyəti bölgələrə üz tutur. Keçən il bölgələrdə ev kirayəsi, torpaq satışı, kafe və restoranların fəaliyyəti demək olar tamamilə dayandı. Artıq bu biznes fəaliyyətləri yenidən bərpa olunub. Hətta bu istiqamətlərdə işlər əvvəlkindən daha yaxşıdır. Çünki bir il ərzində insanlar bölgələrdəki kafe və restoranlara getmədiyinə görə indi onun əvəzində daha çox gedirlər”.

“Yeni tikilməkdə olan binalarda qiymət artımı var və bu artımın davam etməsi gözlənilir”

Elnur Fərzəliyev

Daşınmaz əmlak üzrə ekspert

Ekspert mənzillərinin qiymətinin artım səbəblərinə aydınlıq gətirib:

“Hazırda digər seqmentlər üzrə də satışlar gedir. Lakin bunların sürəti çox deyil. Adətən hər ilin yay aylarında bina evlərinin satışı zəifləyir və bir də avqustun sonundan sonra başlayır. Yeni tikilməkdə olan binalarda qiymət artımı var və bu artımın davam etməsi gözlənilir. Çünki son illər ərzində tikinti materiallarının qiymətində çox kəskin artım yaşanır. Tikinti materiallarının qiymətinin qalxması isə birbaşa tikintilərin maya dəyərinin artmasına gətirib çıxarır. Odur ki, bütün şirkətlər mənzilləri əvvəlkindən baha qiymətə satmağa məcburdur.

Qiymət artımına səbəb olan digər amillər də var. Misal olaraq tikintiyə yararlı torpaq sahələrinin az olmasını, olanda da qiymətlərin baha olmasını göstərmək olar. İndi pilot layihələr üzərindən bina tikintisi aparılır. Köhnə üslubda olan binaları söküb yerində yeni binalar tikirlər. Bu zaman şirkət sökülən binada hər kəsi mənzillə təmin etməlidir. Şəhərsalma şərtlərinin çətinləşdirilməsi tikinti əmsalına görə bu şirkətlərə sərf etmir. Çünki əvvəllər bir ərazini alıb orda böyük kvadratlı və hündür bina tikə bilirdilərsə, yeni qadağalar buna imkan vermir. Nəticədə şirkət kiçik həcmli bina tikməyə məcbur olur ki, bu zaman da qoyduğu xərci belə çıxarda bilmir. Pul vəsaitləri və torpaq sahələri olan çoxlu şirkətlər var ki, tikintiyə başlamaq üçün bazardakı ucuz qiymətə olan köhnə mənzillərin satılıb bitməsini gözləyirlər. Çünki həmin ucuz mənzillər olduğu halda bu şirkətlər baha qiymətə mənzil sata bilmirlər”.

E.Fərzəliyev bildirib ki, şəhər mərkəzində bir kvadrat köhnə mənzilin qiyməti 3-4 min manata olur:

“Bakının mərkəzində istər yeni, istərsə də köhnə binalarda evlərin qiyməti tam fərqlidir. “Stalinka”, “Leninqrad” layihəli mənzillər çox bahadır. Şəhər mərkəzində köhnə tikili binalarda ən ucuz bir otaqlı mənzilin qiyməti 70-85 min manatdan başlayır və 140 min manata qədər dəyişir. Bu mənzillərdə bir kvadratın qiyməti 3-4 min manat arasında olur. Şəhərdən kənarda isə bu mənzillərin bir kvadratının qiyməti 1500-2000 manat aralığında dəyişir. Təzə tikilli binalarda qiymətlərin ən ucuz olduğu ərazilər hesab olunan Sumqayıt və Xırdalanda bir kvadratın qiyməti 700 manatdan başlayır və mərkəzə doğru 4-5 min manata qədər dəyişir”.