Bu gün “makler” evləri kimi tanınan ucuz qiymətə həyət evləri mövcuddur və bir çox hallarda insanlar ucuz qiymətinə aldanaraq, həmin evlərdən alırlar, lakin təhlükəli olduğunun fərqinə varmırlar.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu gün Bakıda “makler” evləri kimi tipik, ümumi keyfiyyət standartlarına cavab verməyən evlər mövcuddur.
“Bu evlər kütləvi şəkildə Bakının müxtəlif ərazilərində inşa olunub. Bu evləri inşa edən şəxslər çalışırlar ki, istifadə etdikləri maliyyə vəsaitlərinin həcmini azaltsınlar. Bu isə, təbii ki, keyfiyyətə mənfi təsir göstərir.
Yəni misal üçün evin kənarları iki daşdan ibarət olmalıdırsa, onu bir daşdan inşa edirlər, kürsü bir metr olmalıdırsa, onu 30-40 santimetr edirlər və yaxud arakəsmə dirəklərinin ölçülərini az edirlər. Bu da həmin evlərin keyfiyyətinə mənfi təsir etməklə, onları yaşamaq üçün təhlükəli edir, zəlzələyə davamlılığını azaldır”, – deyə eskpert bildirib.
R.Osmanlı vurğulayıb ki, ucuz evlər alan zaman mütləq şəkildə onun keyfiyyətlə tikilib-tikilməməsinə diqqət yetirilməlidir.