Bakının mərkəzində satışa çıxarılmış bəzi mənzillərin qiymətlərinin milyonlarla manatla ölçülməsi diqqəti cəlb edir. Əlbəttə, bu cür tendensiya təkcə Azərbaycan paytaxtına aid deyil. Əksər ölkələrin paytaxt şəhərlərində mərkəzdə yerləşən evlərin qiymətləri xeyli yüksəkdir. Lakin Bakını, ərazisi dəfələrlə ondan böyük olan şəhərlərlə müqayisə etmək doğru olmazdı. Çünki, bizdə şəhərin mərkəzindən kənarına getmək elə də böyük vaxt aparmır. Odur ki, mərkəzlə kənar arasındakı qiymətlər arasında əməlli başlı uçurumun olduğunu desək, yanılmarıq.

“Report” mövzunu daşınmaz əmlak bazarı üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri – Elnur Fərzəliyev deyir ki, mərkəzdəki mənzillərin bahalı olması onların yerləşdiyi binaları tikən şirkətlərin daha çox qazanması anlamına gəlmir: “Bir şirkət eyni layihə ilə həm Xırdalanda, həm də Bakının mərkəzində bina tikir. Xırdalandakı mənzilin kvadratmetri 800 manat olduğu halda, mərkəzdə qiymət 3 000 manatdır. Bu, torpağın qiyməti ilə əlaqədar məsələdir. Belə ki, Xırdalanda torpağın sotunu 10 min manata almaq mümkündürsə, Bakının mərkəzində bu rəqəm 100 min manatdır. Hündürmərtəbəli bir bina tikmək üçün təxminən 6070 sot torpaq tələb olunur. Bunu da 100 min manatla hesablasaq, sadəcə 6-7 milyon manat torpağın pulu edir. Bildiyiniz kimi, paytaxtda tikintlər sıx aparıldığından daha hündürmərtəbəli binaların tikintisinə məhdudiyyətlər tətbiq olunur. Ona görə də bina tikən şəxs məcburdur ki, qiymətləri artırmaqla öz xərcini çıxara bilsin. Bu da Azərbaycan əhalisinin orta aylıq gəlirlərini hesabladıqda fantastik rəqəmlər deməkdir. Yəni, 250 min manata paytaxtın mərkəzində ikiotaqlı balaca mənzil almaqdansa, bir az kənarda, məsələn “İnşaatçılar” metrostansiyası tərəfdə eyni qiymətə dördotaqlı, əla təmirli mənzil almaq mümkündür. Həyət evlərində də vəziyyət eynidir. Abşeron ərazisində 100 min manata tikilmiş həyət evi “Nərimanov” metrostansiyası və yaxud Badamdar qəsəbəsi tərəfdə 400500 min manatadır. Halbuki bu evlərin tikinti xərcləri eynidir”.

Ekspert köhnə tikililərdə də oxşar tendensiyanın müşahidə edildiyini deyir: “Mikrorayon tərəflərdə fransız layihəli iki otaqlı mənzili 6070 min manata almaq olarsa, şəhərin mərkəzinə doğru eyni sahəyə malik mənzil 150-180 minə satılır. Göründüyü kimi, iki dəfədən artıq fərq meydana gəlir.

Qiymət fərqi binaların prestiji ilə də seçilir. Yanaşı iki binanın birində kvadratmetrin 1 500, digərində 2 500 manat olduğu faktları var. Məsələn, Nərimanov rayonunda Şəhər bağları deyilən ərazidə kvadratmetri 45 min manata olan binalar var. Onların daim alıcısı olur. Hazırda ən çox kommunal haqqı ödəyən də məhz həmin bina sakinləridir. Orada aylıq minimal kommunal haqqı 200 manatdan başlayır”.

E.Fərzəliyev Bakını İstanbul, Moskva kimi iri şəhərlərlə müqayisə etməyin doğru olmadığını da deyir: “Bakıda hər şey sırf mərkəzə yükləndiyi üçün bu hallar yaşanır. Lakin son dövrlər imkanı olan şəxslər əksinə, mərkəzdən kənara köçməyə üstünlük verir. Mərkəzdə olan evlərin böyük bir hissəsi isə artıq kirayələrdədir. Hazırda paytaxtda bir sıra pilot layihələr həyata keçirilir. Amma onların xərci daha çox olduğu üçün satış qiymətlərinin də buna uyğun olacağını güman etmək olar”.

Ekspert Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tikdiyi binalarla həmin ərazidə yerləşən başqa binalardakı mənzillərin qiymət fərqinə də toxunub: “Yasamal rayonunda MİDA-nın tikdiyi binaların kvadratmetri təxminən 900950 manatdır. Amma həmin əraziyə yaxın başqa binalarda bu qiymət 1 5002 000 manatdır. İki dəfəyə qədər ortaya çıxan fərqin səbəbi odur ki, MİDA-nın tikdiyi binaların torpağını dövlət verib. Həmçinin, onlar bir sıra xərclərdən azaddırlar. Belə layihələrə bu gün ehtiyac var. “Ağ şəhər “layihəsi də belə uğurlu layihələrdəndir. Ərazidəki torpağı dövlət təmizləyib iş adamlarına verdiyi üçün bir sıra xərclər aradan qalxıb”.

Maraqlıdır ki, fantastik qiymətə olan evlərin dizaynı bəzən zövqsüz olur. Bu isə o deməkdir ki, böyük məbləğdə pulundan keçən adamlar heç yüksək səviyyədə, zövqlə təmir edilmiş evdə yaşamırlar. İnteryer dizayner Nazənin Məmmədova deyir ki, yerli dizaynerlər əsasən Azərbaycanda təhsil alıb və bununla kifayətlənib.: “Onlar yalnız ölkəmizdəki kurslara gedirlər. Hər bir dizayner mütləq xaricdə hər hansı bir təlimdə iştirak etməli, kurs keçməlidir. Çünki müştəri hər hansı bir üsulla evinin dizaynını istəsə, ona uyğun anlayışı olmalı, elə də hazırlamalıdır. Eləcə də müştərinin məlumatı olmasa, dizayner ona məlumat verməli, başa salmalıdır. Hər bir dizaynerin dizayn seçimlər təklif etmək üçün bazası olmalıdır. Amma xaricdə təlim keçməyən, kursa getməyən yerli dizaynerlərin dizayn bazası az olur. Buna görə də təmir olunan evlərin dizaynı eyni, əksər hallarda zövqsüz olur”.

“Müştəri əgər evini təmir edir və yaxud tikdirirsə, dizaynerə müraciət etməlidir. Maddi vəsait ayırıb ev tikirsə, dizayneri də nəzərə almalıdır. Onsuz da dizayna ayrılan məbləğ ümumilikdə o qədər baha deyil. Modern üslubda təmirin 1 kvadratmetri 20 manatdır. Loft üslubunda bu qiymət 25 manat, klassik üslubda isə 30 manatdır”, – deyə N.Məmmədova əlavə edib.