Bu gün Bakı Teleqüllə Kompleksinin layihələndirilməsindən 40, istismara verilməsindən 25 il ötür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 1956-cı ildə istismara verilən 180 metrlik ilk televiziya qülləsi polad bloklardan yığılmışdı. Yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımlarının təşkil edilməsinə zərurət yaranmışdı. Bundan irəli gələrək SSRİ-nin Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən Bakı Teleqüllə Kompleksi layihələndirilib və 1981-ci ildə onun tikintisinə başlanılıb. Bu unikal tikili layihələndirilərkən Bakının qədimliyini və klassik üslubunu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşdirmək əsas hədəflərdən biri olub. Nəticədə Bakı Teleqüllə Kompleksinin üzərində 4 ədəd milli ornamentli şəbəkə yerləşdirilib ki, şimal, cənub, qərb və şərq olmaqla, onların hər biri bir cəhətə istiqamətlənir.

Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı və Bakı Teleqüllə Kompleksi istismara verilməli idi. Lakin 80-ci illərdə SSRİ-ni əhatə edən maliyyə böhranı və sonda SSRİ-nin dağılması, maliyyə çatışmazlığı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qalır. Sonradan ümummilli lider Heydər Əliyev yarımçıq qalmış tikintinin başa çatdırılması üçün müvafiq göstərişlər verir. Onun iştirakı ilə 1996-cı il iyulun 6-da Bakı Teleqüllə Kompleksi istifadəyə verilir. Beləliklə, tikinti işlərinin aparılması ümumilikdə 16 il çəkir.

Bakı Teleqüllə Kompleksi şəhərin hündür hissəsində inşa edilib. Bu da vizual görüntü ilə yanaşı, paytaxtın istənilən ərazisində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 kilometr radiusda radiodalğaların qəbuluna imkan verir.

Kompleks Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir. Konstruktiv göstəricilərinə görə, Bakı Teleqüllə Kompleksinin bənzəri Litvanın paytaxtı Vilnüsdə mövcuddur. Hər iki tikinti eyni layihə institutunda, eyni baş arxitektor tərəfindən hazırlanıb.

Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.

Bakı Teleqüllə Kompleksi ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik radio rabitənin, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirir.