“Bakı Ağ Şəhər”də hazır mənzillər tükənmək üzərədir. Alıcılar istəklərinə uyğun mənzil tapmaqda çətinlik çəkirlər. Satışa çıxan mənzil çox az, tələb isə yüksək olduğundan qiymətlər də artır.

Marja.az-ın araşdırmasına görə, Bakı Ağ Şəhərdə 2021-ci ildən öncə bina tikintisinə başlamış tikinti şirkətlərinin çoxunda mənzillər bitib. Az sayda tikinti şirkətində 2-3 mənzil qalıb, onların da ya sahələri çox böyükdür, ya planı, mənzilin mövqeyi əlverişzidir, ya da sonucu mərtəbədə və ya obyekt üstündə yerləşir.

Binalar tikilən zaman alınmış mənzillərdən də çox az sayda satışa çıxarılanı olur. Sahibləri mənzildə ya özləri yaşamağı ya da qiymətlər daha da artdıqdan sonra satmağı planlaşdırırlar.

“ALICILARA TƏKLİF ETMƏYƏ MƏNZİL TAPMIRIQ”

Bakı Ağ Şəhərdə daşınmaz əmlakların alqı-satqısına vasitəçilik edənlər də alıcılara mənzil təklif etməkdə çətinlik çəkirlər:

“Satışa çox az sayda mənzil çıxır. Olanda da dərhal satılır. Hazırda satışda bir neçə mənzil var ki, onların da ya sahələri böyükdür, iri eyvanları var, ya da sonuncu mərtəbədə və ya obyekt üzərində yerləşirlər. Bakı Ağ Şəhərdə “katlavan” səviyyəsində olan layihələrdə belə mənzillərin böyük hissəsi satılıb”.

Vasitəçinin sözlərinə görə, bir il əvvəl “Bakı Ağ Şəhər”də 1900-2300 manat civarında qiymətə normal təmirsiz mənzil almaq mümkün idi:

“Hazırda təmirsiz mənzilin 1 kvadratmetrinin qiyməti əsasən 2400-3000 manat civarındadır. Orta mərtəbədə, cənuba və şərqə baxan, itkisiz sahəyə malik mənzillərin 1 kavadratmetri 2700-2800 manatdır. Artıq 2000 manat, 2200 manat qiymətləri yoxdur. Hətta, tikintisi başa çatmış bir neçə binada mənzillərin 1 kvadrat metrinin qiyməti 3000-3500 manat civarındadır. Təmirli mənzillərin qiymətləri isə daha yüksəkdir”.

TİKİNTİ ŞİRKƏTLƏRİNDƏ YENİ QİYMƏTLƏR 3000 MANATDAN YÜKSƏKDİR

Hazırda “Bakı Ağ Şəhər”də bir neçə hündürmərtəbəli binanın tikintisinə başlanılıb. Tikinti şirkətləri hələ özül mərhələsində olan layihələrdəki mənzillərin 1 kavadratmetrini 2900 manatdan başlayan qiymətlər ilə təklif edirlər. Yaxşı baxışı, sahəsi, mərtbəsi olan mənzillərin 1 kvadratmetrinin qiyməti 3000 manatı keçir. Mərkəzdə və dənizə yaxın layihələrdə qiymətlər 4000 manatdan da yüksəkdir.

MƏNZİL SAHİBLƏRİ TİKİNTİ ŞİRKƏTLƏRİNƏ BAXIB QİYMƏT ARTIRIRLAR

Əmlak vasitəçiləri bildirir ki, tikinti şirkətləri qiymətləri yüksəltdikləri üçün mənzil sahibləri də qiymət artımları edirlər:

“Artıq Bakı Ağ Şəhərdə indi özülü tikilən binada 1 kavdratmetrin qiyməti 3000 manat və daha yüksəkdir. Həmin binaların tikintisi 2-3 il çəkəcək. Buna görə, yaşayışa hazır binalardakı mənzillərin 1 kvadrat metrinin 2500 – 3000 manat civarında olması normaldır. Fərq budur ki, tikinti şirkətləri 30% ilkin ödənişlə 24 və ya 36 aylıq daxili kredit təklif edirlər, hazır mənzillər isə 100% ödəniş qarşılığında satılır”.

Əmlak vasitəçilərinin sözlərinə görə, mənzil təklifi azaldığından qiymətlər daha da yüksələcəkdir.

TİKİNTİ ŞİRKƏTLƏRİ BAHALAŞMANIN SƏBƏBLƏRİNİ AÇIQLAYIB 

Marja.az tikinti şirkətlərindən nə üçün qiymətlərdə 500-800 manat civarında artım etmələri ilə maraqlanıb. Tikinti şirkətlərindən bildirilib ki, bunun əsas səbəbi tikinti materiallarının bahalaşması, əməkhaqqı xərclərinin və başqa xərclərin artmasıdır. Digər bir səbəb tələbin yüksək olmasıdır. Bakı Ağ Şəhərdə həyat canlandıqca daha çox insan burada yaşamağa və işləməyə can atır.

Qeyd edək ki, ötən il Bakı Ağ Şəhərin küçələri çox sakit idi, az sayda insan və avtomobil olurdu. Bu gün isə Bakı Ağ Şəhərdə həyat canlanıb  – mənzillərdə yaşayanlar atıb, obyektlər icarəyə götürülüb.

Əlavə edək ki, ümumiyyətlə Bakıda mənzil qiymətləri yüksəlib və daha da yüksələcəyi gözlənilir. Bir müddət yeni layihələrin icrasının azalması ilə mənzil təklifinin düşməsi, iqtisadi aktivliyin artması ilə mənzil alanların sayının çoxalması, xarici vətəndaşların Azərbaycanda əmlak alışına maraqlarının artması, tikinti materiallarının bahalaşması qiymətləri yüksəldir.