Bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb, təkcə mart ayında isə artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 481,8 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 46,4% azdır. Belə ki, ötən ilin yanvar-martında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 899,6 min kvadrat metr təşkil edib.

Təkcə mart ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 49,5% artaraq 207,8 min kvadrat metr təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında yaşayış evlərinin tikintisinə 205,2 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 29,1% azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.