Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin 3-cü rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,8 faiz artıb.
Bundan başqa, qiymət indeksi göstəriciləri ilkin mənzil bazarı üzrə 1,8 faiz, təkrar mənzil bazarı üzrə 2,8 faiz artıb.
Mənzil bazarında qiymət indeksi 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 10%, ilkin mənzil bazarı üzrə 8 faiz, təkrar mənzil bazarı üzrə 10 faiz artıb.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məslələri üzrə ekspert, Ramil Osmanlı bildirib ki, qiymətlər göstərilənlərdən daha çox bahalaşıb.
“Təkrar mənzil bazarında qiymətlər ilkin mənzil bazarındakı qiymətlərdən daha ucuzdur. Çünki vətəndaşlar tikinti şirkətlərindən qiymət artırmaq barəsində daha insaflıdırlar. Daha adekvat addım atırlar. Ötən ilin cari dövrü ilə müqayisədə, ilkin mənzil bazarında 18-20%, təkrarda isə 12% bahalaşdığını düşünürəm”, – o qeyd edib.
R.Osmanlının sözlərinə görə, bu faizlərin artmasına makro və mikroiqtisadi amillər təsir edir:
“Ölkəyə pul axınının və ümumdaxili məhsulun artımı, ümumi iqtisadiyyatda göstəricilərin dəyişməsi və digər səbəblər daxildir. Daxili faktorlara isə inzibati təsirlər, ipoteka kreditlərinə ayrılan vəsaitlərin həcminin artımı, tikinti materiallarının və işçilik qiymətlərinin artımı, tikinti şirkətlərinin əmlak bazarına adekvat olmayan daxili qiymət siyasətlərini misal göstərmək olar. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Nəticədə də ortaya belə rəqəmlər çıxır”.