Azərbaycanda mənzillərin satış qiymətləri ilə kirayə qiymətləri arasında uyğunsuzluq var.

Dünya təcrübəsində mənzilin alınmasına çəkilən xərci təxminən 10 ilə, onu kirayəyə verməklə çıxarmaq olur. Yəni, əmlakın illik gəlirliliyi 10% civarındadır.

Azərbaycanda isə bu rəqəm təxminən 5%-dir. Məsələn, Bakıda 100 000 manata alınmış 2 otaqlı mənzili kirayəyə verməklə ayda 500 manat, ildə isə 6 000 manat qazanmaq olar. Halbuki, yerli bankların əmanətlərə görə təklif etdiyi gəlir bundan 2 dəfə çoxdur. Yəni, əlində 100 min manatı olan adam əmlak almaqdansa, onu əmanət kimi banka qoysa, ayda 1 000 manat, ildə isə 12 000 manat faiz gəliri əldə edəcək.

Bir sözlə, görünən odur, ya Azərbaycanda əmlakın qiyməti süni şəkildə şişirdilib, ya da ölkədə kirayənin qiyməti çox aşağıdır. “Report” bununla bağlı əmlak bazarı üzrə mütəxəssislərin rəylərini öyrənib.

“Kirayədə qalanlar kasıblardır”

“MBA Consalting Group” şirkətinin direktoru Nüsrət İbrahimov deyir ki, mənzillərin satış qiymətləri ilə kirayə qiymətləri arasında uyğunsuzluq kirayədə qalanların əksər hissəsinin gəlirlərinin az olması, yəni kirayəyə çox xərc çəkə bilməməsi ilə bağlıdır: “Azərbaycanda əsasən ev almağa imkanı olmayan, yəni aztəminatlı insanlar (kasıblar) kirayədə qalmağa üstünlük verirlər. Onlar da bacardıqca ucuz evdə qalmağa çalışırlar. Xaricdə isə vəziyyət bizdəkindən fərqlidir. İmkanlı insanlar belə kirayədə qalmağı ev almaqdan üstün hesab edirlər. Yəni, onlar həmişə bir yerdə yaşamaqdansa, işlədiyi yerə yaxın qalmağa meylli olurlar, daimi yaşamaq üçün evi isə pensiyaya çıxanda alırlar. Odur ki, xaricdə kirayə qiymətləri də yüksəkdir və əmlak qiymətləri ilə müəyyən qədər uzlaşır”.

Bununla belə, onun sözlərinə görə, Azərbaycan mənzillərin qiymətləri də tamamilə reallığa uyğun deyil və ilkin mənzil bazarının iri oyunçuları bazara müdaxilə etməklə, təkrar mənzi bazarda da qiymətlərin yüksəlməsinə təsir edirlər: “Yəni, iri oyunçular qiymətləri diktə edə bilirlər. Ona görə də, bizdə satış qiyməti ilə kirayə qiyməti ilə arasında balans pozulur. Bu bir faktdır”.

“Tikinti şirkətləri qiymətləri süni şəkildə şişirdib”

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov da hesab edir ki, Azərbaycanda mənzillərin satış qiymətləri kirayə qiymətləri ilə uyğun gəlmir və son vaxtlar koronavirus (COVID-19) pandemiyasının təsiri ilə bu uyğunsuzluq bir qədər də dərinləşib: “Əgər pandemiyadan əvvəl 2 otaqlı mənzilin orta aylıq kirayə qiyməti 450 manat idisə, hazırda 350 manatdır”.

Digər tərəfdən onun sözlərinə görə, əmlak bazarında qiymətlər də süni şəkildə şişirdilib və bu məsələdə yerli tikinti şirkətləri arasında rəqabətin güclü olmaması əsas rol oynayır: “Əgər kəskin rəqabət olsa, şirkətlərin əllərində qalmış mənzillərin qiymətləri tədricən düşər, bu təkrar mənzil bazarında da ucuzlaşmaya səbəb olar və beləcə satış qiymətləri ilə kirayə qiymətləri arasındakı uyğunsuzluq aradan qalxar. Hesab edirəm ki, vəziyyətin düzəlməsi üçün tikinti sektoruna daha yaxşı şərait yaradılmalıdır. Onlar üçün kreditlər ucuz və əlçatan olmalıdır. Şirkətlər bazara nə qədər çox təkliflə çıxsa, qiymətlər də o qədər aşağı olar və mənzil almağa qoyulan pulu 15-20 ilə yox, 10-12 ilə çıxarmaq olar”.