Bakı Ağ Şəhər ərazisində su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirləri davam edir.

“Bakı Ağ şəhər” layihəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərsu” ASC tərəfindən layihənin Baş Planı çərçivəsində beynəlxalq tikinti normaları və qaydalarına uyğun olaraq, yağış suları ötürücüləri məişət suları ötürücülərindən ayrı layihələndirilərək inşa edilir.

Tədbirlər planına əsasən, yağıntılar zamanı layihənin küçə və prospektlərində yolun hərəkət hissəsinə yığılan yağış sularının kənarlaşdırılması üçün yağış suları ötürücüləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır. Layihənin davamı olaraq, Nobel prospekti boyunca 1000 millimetr diametrli dəmir-beton borularla tikilmiş kollektor Nobel prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindən Ağ Şəhər bulvarına tərəf 2500×1500 millimetr ölçülü dəmir-beton qutu kollektor vasitəsilə davam etdirilib. Bununla da, ərazidəki yağış sularının kanalizasiya sularına qarışmadan kənarlaşdırılması mümkün olacaq. Yol və səkilərdə səth sularının ötürülməsi üçün Baş Plan çərçivəsində layihələndirilmə zamanı yolların və səkilərin mailliyinə xüsusi əhəmiyyət verilib.

Qoşulmanın həyata keçirilməsi nəyinki Ağ Şəhərdə, həmçinin qonşu ərazilərdə də yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsini təmin edəcək.

Ümumilikdə isə son illər ərzində “Bakı Ağ şəhər” layihəsi çərçivəsində şəhər sakinlərini narahat edən yağış sularının kollektora ötürülməsi üçün uzunluğu 20 kilometrdən artıq olan müxtəlif diametrli borular çəkilib və uzunluğu 1.2 kilometrdən artıq yağış suyu kollektorları tikilib.

Qeyd olunub ki, “Bakı Ağ şəhər” layihəsi Prezident İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.