Ötən ilin ilk altı ayı ərzində ölkə daxilində 21 “Yaşıl Kart” hadisəsi üzrə 42 min manata yaxın sığorta ödənişi edilmişdi. Cari ilin müvafiq dövründə isə ölkə daxilində 29 “Yaşıl Kart” hadisəsi üzrə 59 min manat sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirilib ki, müqayisə edilən dövr üzrə xaricdən gəlmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdikləri yol nəqliyyat hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərində 40 faiz artım müşahidə edilməkdədir.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli “Yaşıl Kart” Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, beynəlxalq “Yaşıl Kart” Sistemində Azərbaycanı təmsil edir.