Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Türk Dünyası Sığorta Birliyinin Yol xəritəsini hazırlayıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında ASA-nın icraçı direktoru Elmar Mirsalayev deyib.

Qeyd edilib ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü və ortaq razılığı, eyni zamanda, təşkilatçılığı ilə bu ilin mayında İstanbulda təşkil olunmuş Beynəlxalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın sığorta birlikləri rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edildi. ASA bu Birliyin Yol xəritəsini hazırlayıb. Bu strateji fəaliyyət xəritəsi yeni yanaşmalara imkan yaratdı. Belə ki, Birliyə üzv ölkələrin başlıca məramı Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının tərkib hissəsi kimi fəaliyyət göstərməsinin təmin edilməsi yönündədir. Bununla əlaqədar olaraq Birliyin Nizamnaməsi də hazırlanır və bu nizamnamə ilə yanaşı, Yol Xəritəsi 2023-cü ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Beynəlxalq Sığorta Konqresində 5 türkdilli ölkənin sığorta birliklərinin iştirakı ilə müzakirə ediləcək.