Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev deyib.

O bildirib ki, birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: “Bildiyimiz kimi, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin “Mi-17” tipli helikopteri “Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Sığorta sistemi bu kimi hadisələrdə sığorta ödənişi həyata keçirir. Bu proses “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

İcraçı direktorun sözlərinə görə, birdəfəlik sığorta ödənişləri müxtəlif kateqoriyalar üzrə hesablanır. Müvafiq Qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda, orqanizmin funksiyasının 80-100 faiz itirilməsinə görə 8800 manat, 60-80 faiz itirilməsinə görə 6600 manat, 30-60 faiz itirilməsinə görə 4400 manat, bununla yanaşı, ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur. Helikopter qəzasında həlak olmuş 14 şəhidimizin vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək. Qəza nəticəsində yaralanan 2 hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşəndən sonra onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər. Qəzada həlak olmuş şəhidlərimizin vərəsələri və xəsarət almış hərbçilərimiz birdəfəlik sığorta ödənişlərini əldə etmək üçün ölüm və ya əlillik, eyni zamanda, xəsarət halını təsdiq edən sənədlərlə “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti”nin paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərlər.