Azərbaycanda gənc nəslin əksər nümayəndələri sığorta şirkətləri ilə rəqəmsal vasitələrlə əlaqə saxlayır ki, bu da koronavirus (COVID-19) pandemiyasından sonra geniş vüsət alıb.
“Report” xəbər verir ki, bunu yerli sığorta şirkətlərindən birinin rəsmisi Murad Məmmədzadə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunun (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) 2-ci günündə – “Tibbi sığorta – müştərilər üçün əlçatan, təminatçılar üçün davamlı” mövzusunda işgüzar seminarda bildirib.
“Rəqəmsallaşma və yaxud rəqəmsal optimallaşdırma hər bir sənaye, xüsusən də B2C sektorunda fəaliyyət göstərənlər üçün son 20-30 ilin ən aktual mövzusudur. Bir müddət sonra uğurlu rəqəmsal həllərin olmaması müştərilərdə narazılıq yaradacaq. Bu prosesdən kənarda qalacaqsansa yəqin ki, məğlub olacaqsan. Ancaq səhiyyə sahəsində rəqəmsallaşmanı qeyd etmək lazımdır. Hazırda müştərilərin sağlamlığı haqqında əvvəlkindən daha çox məlumat əldə etmək olur. Bundan əlavə artıq sağlamlıqla bağlı müəyyən proqnozlar, məlumatlar verən “ağıllı” cihazlar mövcuddur. Bunları mobil tətbiqlər, “ağıllı” saatlar və digər vasitələrlə əldə etmək mümkündür. İndi insanlar sağlamlıq vəziyyətlərini izləyə və sağlamlıqları haqqında daha çox məlumat əldə edə bilirlər”, – deyə o qeyd edib.