Bakıda Xəzər dənizinin Azərbaycan akvatoriyasında baş verən yeraltı təkanlar vətəndaşları təşvişə salıb. İnsanları ilk maraqlandıran isə binaların dayanıqlığı və mənzillərin icbari sığortasıdır.
Bu sözləri ekspert Samir Nəbiyev AZƏRTAC-a açıqlamasında söyləyib.
S.Nəbiyev qeyd edib ki, Xəzər dənizinin 20 kilometrində, 5,7 maqnituda da baş verən zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmasa da, vətəndaşların əksəriyyəti gecəni küçədə keçirməli olub. Narahatlığın əsas səbəbi isə ilk növbədə yeni tikili və istismar müddətini başa vuran binaların dayanıqlığı ilə bağlıdır.
Ekspert hesab edir ki, Azərbaycanda istər Sovet dönəmində, istərsə də müstəqillik illərində tikilən binalar yerli seysmik xüsusiyyətlər nəzərə alınmaqla inşa edilib. Hətta bir neçə il əvvəl ölkədə yaşanan tikinti bumu zamanı belə, binaların keyfiyyəti yüksək olmasa da, müəyyən standartlara cavab verə biləcək şəkildədir. Bununla belə, mütəxəssislər monitorinqlərin aparılmasını vacib hesab edirlər: “Hazırda istifadə olunan binalar, istismar müddəti ötmüş və qəzalı binalar müvafiq dövlət orqanları tərəfindən vizual yoxlamalardan və inspeksiyadan keçməlidirlər. Bunun üçün tövsiyə edərdim ki, 3-cü tərəf şirkətlər cəlb edilsin. Burada yüksək peşəkar kadrlardan və müasir avadanlıqlardan istifadə olunmalıdır. Düzdür, bizdə hələ ki, xoşagəlməz hallar baş verməyib, ancaq biz öncədən preventiv addımlar atmalıyıq. Bununla belə, bədbəxt hadisələrdən heç kim sığortalanmayıb. Belə olan halda isə köməyimizə sığorta məhsulları çatır. Ölkədə tətbiq olunan daşınar və daşınmaz əmlakın sığortası da bu qəbildəndir. Sığorta mütəxəssisləri də tövsiyə edir ki, minimal məbləğdə əmlakın sığortalanması sonradan 3-4 və hətta daha çox rəqəmli zərərlərdən qorunmağın ideal yoludur”, – deyə ekspert vurğulayıb.