2022-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda fəaliyyət göstərən dörd sığorta şirkətinin yığımları azalıb.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Sığorta yığımlarında kəskin azalma üzrə “Azərsığorta” şirkəti liderdir. Belə ki, ötən bir ildə sığorta şirkətin yığımları 86% və ya 40,6 milyon manat azalaraq 6,558 milyon manata enib. Həmçinin, sığorta şirkətinin ödənişləri 66,6% və ya 27,4 milyon manat azalaraq 13,676 milyon manata enib. Sığorta şirkətinin ümumi kiçilməsi əsasən icbari şəxsi sığortalar üzrə fəaliyyətin şirkətdən alınaraq DSMF-yə verilməsi ilə bağlıdır.

Bu dövrdə “Atasığorta”nın yığımları 64,2% və ya 4,9 milyon manat azalaraq 2,726 milyon manata enib. Halbuki, sığorta şirkəti ötən ilin eyni dövründə 7,611 milyon manat sığorta haqqı toplaya bilmişdi. Sığorta şirkətinin ödənişləri isə 22,2% və ya 1,1 milyon manat azalaraq 3,755 milyon manata düşüb. “Azərsığorta”nın ödənişləri yığımlarından 2 dəfə, “Atasığorta”nın isə 1,4 dəfə çox olub.

Bu ilin yeddi ayı üzrə “Günay Sığorta”nın yığımları 34,8% və ya 2,2 milyon manat azalaraq 4,081 milyon manata bərabər olub. Ötən ilin eyni dövründə sığorta şirkəti 6,264 milyon manat sığorta yığımı həyata keçirmişdi. “Günay Sığorta”nın ödənişləri isə 18% artaraq 2,486 milyon manat təşkil edib. Başqa sözlə, zərərlilik göstəricisi 61%-ə bərabər olub.

“Meqa Sığorta”nın yığımları isə son bir illə müqayisədə 11,2% və ya 1,7 milyon manat azalaraq 13,133 milyon manata düşüb. Ötən ilin eyni dövründə sığorta şirkəti 14,782 milyon manat sığorta haqqı toplamışdı. Şirkətin ödənişləri isə bu dövrdə 26,3% artaraq 3,468 milyon manata yüksəlib. Yəni, sığorta şirkəti topladığı hər 100 manatdan 26,4 manatını ödənişə yönəldib.