“Bakı Sığorta” ASC-nin İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqında iştirakına xitam verilib və şirkət büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb.
İSB-dən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla büronun informasiya sistemində sığortaçının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”(AVSMMİS), “Daşınmaz əmlakın icbari sığortası” (DƏİS) və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”(DƏMMİS) növləri üzrə yeni sığorta müqavilələri bağlaması imkanı dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə əsasən könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-nin AVSMMİS, DƏİS və DƏMMİS növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb. Qanunun 105.4-cü maddəsinə əsasən sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növləri üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək yerinə yetirməlidir.