Azərbaycanda sığorta şirkətlərinin banklardan asılı olması, başqa sözlə banklardan “aralı dura bilməməsi” problemi hələ də qalmaqdadır.

Problem daha çox iki maliyyə qurumunun eyni holdinqdə təmsil olunmasından irəli gəlir.

Bu halda isə sığorta şirkətinin hesabları “qohum” bankda olur, üstəlik onun bazarı da “qohum” bankın verdiyi ipoteka və avtomobil kreditləri hesabına formalaşır. Yəni, bank kiməsə daşınmaz və daşınar əmlakın əmlakın girov qoyulması şərti ilə kredit verirsə, bu halda həmin əmlakların sığortası “qohum” sığorta şirkətinə həvalə edilir.

Son 10 ilin təcrübəsi isə göstərir ki, hansısa bankda problem yaranan kimi və yaxud bankın lisenziyası ləğv olunan kimi ona bağlı olan sığorta şirkəti də ciddi problemlərlə üzləşir və tədricən bazarı tərk etməli olur. Məsələn, 2012-ci ildə “Royal Bank”ın lisenziyasının ləğv olunması tədricən ona yaxın “Royal Sığorta” şirkətinin sonunu gətirdi. 2016-cı ildə bazardan kənarlaşdırılmış “Bank of Azerbaijan”, “Bank Standard”, “Texnika Bank” və “Zamin Bank” isə özləri ilə müvafiq olaraq “Qarant Sığorta”, “Standard Insurance”, “Alfa Sığorta” və “Başak-İnam Sığorta” şirkətlərini çəkib apardılar. 2020-ci ildə isə “Amrah Bank” və “NBC Bank”ın bağlanması ilə müvafiq olaraq “Amrah Sığorta” və “Rəvan Sığorta” şirkətləri bazardan çıxmalı oldular. 2023-cü ildə isə “Günay Bank”ın lisenziyası ləğv olundu və hazırda ona yaxın “Günay Sığorta” şirkətinin ciddi problemlər yaşamayacağına təminat yoxdur.

“Report” sığorta bazarı üçün arzuolunmaz hal olan belə asılılıqla bağlı iqtisadçı-ekspertlərin fikirlərini öyrənib.

Onlardan biri Xalid Kərimli deyir ki, sığorta şirkətlərinin səhmdarları əsasən banklar olur, bu da tərəflər arasında qarşılıqlı asılılıq yaradır: “Bank təbii olaraq verdiyi kreditlər üzrə sığortanı öz şirkətinə yönəldir. Bununla kredit təşkilatı həm pulu cibində saxlayır (kənara ötürmür), həm də törəmə strukturunu bir növ “dolandırır”. Sığorta şirkəti isə hesabını onun sahibi olan bankda saxlayır, bütün əməliyyatlarını “qohum” bank vasitəsilə həyata keçirirlər. Beləcə iki təşkilat bir-birindən asılı vəziyyətdə işləyir. Bankın problemləri başlayanda isə sığorta şirkəti də çətinliklər yaşayır. Bəzən elə olur ki, müflisləşməyə doğru gedən bank pula ehtiyacını ödəmək üçün sığorta şirkətinin nizamnamə kapitalına yatırdığı pulu geri çəkir və bununla da, şirkət bağlanır”.

Digər ekspert Kamran Babayev isə deyir ki, sığortanın bankdan asılı olması problemi əvvəllər daha dərin olub, son illər isə bir qədər dəyişib: “Məsələn, sığorta şirkətlərin vəsaitlərinin saxlanılması məsələsinə nəzarət güclənib. “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”a görə sığorta şirkətləri sığorta ehtiyatlarını və məcmu kapitalını təmin etmək üçün öz vəsaitlərini şaxələndirməlidirlər. Azərbaycan Mərkəzi Bankı (AMB) istənilən vaxt sığorta şirkətlərindən banklarda olan vəsaitlər haqqında çıxarış tələb edə bilər, ehtiyatların və məcmu kapitalın təmin olunub-olunmadığını yoxlaya bilər”.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən isə “Report”a bildirilib ki, hazırda sığorta şirkətlərinin banklardan ciddi asıllığı yoxdur: “Sadəcə bəzi hallarda banklar və sığorta şirkətləri eyni brend altında fəaliyyət göstərir. Burada hər hansı asılılıqdan söhbət getmir. Müəyyən olunmuş tənzimləmə qaydalarına əsasən, sığorta şirkətləri topladıqları vəsaitlərini ölkəmizdə fəaliyyət göstərən banklarda investisiya qaydaları çərçivəsində saxlaya da bilirlər. Bu proses AMB-nin vəsaitlərin diversifikasiya ilə bağlı müəyyən etdiyi tələblərə əsasən həyata keçirilir. Bu tələblər sığortaçıların maliyyə dayanıqlığının bilavasitə təmin olunmasına hesablanıb. Prosesin mövcud tələblər çərçivəsində doğru icrası AMB-nin bilavasitə nəzarətindədir. Bir bankın bağlanmasının onunla eyni brend altında fəaliyyət göstərən sığorta şirkətinə mənfi təsiri isə onunla bağlı ola bilər ki, şirkət topladığı vəsaitlərinin böyük hissəsini ona yaxın bankda saxlasın. Nəticədə, bankın müflisləşməsi və bağlanması təbii olaraq sığorta şirkətinə təsir edə bilər”.