Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası”nı təsdiq edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Məlumata görə, sığortaçılar və sığorta vasitəçiləri müvafiq fəaliyyət üzrə lisenziya aldığı tarixdən, aktuarilər isə attestasiyadan keçərək aktuari şəhadətnaməsi aldıqdan dərhal sonra reyestrə daxil ediləcək.
Müstəqil ekspertlər, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər, xarici sığorta brokerləri və onların Azərbaycandakı nümayəndəlikləri qaydaya uyğun olaraq Reyestrə daxil edilməsi barədə qərarın qüvvəyə mindiyi tarixdən reyestrə daxil ediləcəklər.
Fiziki şəxs olan müstəqil ekspertlər müstəqil ekspert sertifikatında göstərilən sahə, hüquqi şəxs olan müstəqil ekspertlər isə onların əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə üzrə reyestrə daxil ediləcək.
Mərkəzi Bank sığorta bazarı iştirakçılarının sənədlərinə təqdim edildiyi tarixdən 30 gün müddətində baxacaq.
Bundan başqa, sığorta bazarının peşəkar iştirakçılarının reyestrdən çıxarılması halları müəyyənləşdirilib.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.