2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 288 mln. 782.6 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 181 mln. 873,5 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 40.5% və ya 83 mln. 231.1 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 12.9% və ya 20 mln. 726.9 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 53.3% artaraq 127 mln. 278,5 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 0.7% artaraq 47 mln. 545.8 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-iyun aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 44 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-iyun aylarında 40.4 manata bərabər olub. Bu ilin yanvar-iyun aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26.1 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 29.3 manata bərabər idi.