2023-cü ilin yanvar ayında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 11 mln. 271 min manata yüksəlib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% və ya 3 mln. 905 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar ayında 7 mln. 365 min manat sığorta haqqı toplanılmışdı.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 7 mln. 920 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21% və ya 1 mln. 398 min manat çoxdur. Ötən ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 6 mln. 522 min manat olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 20.6% azaldıb. Belə ki, 2022-ci ilin yanvar ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 88.55 manatını ödənişə yönəltmişdirsə, cari ilin yanvar ayında bu rəqəm 70,3 manata enib.