“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin daimiliyi təsdiqlənib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu, Elvin Əliyev Mir İsmayıl oğludur. O, 2021-ci ilin martından “Aqrar Sığorta”ya sədr vəzifəsinin müvəqqəti idarəedicisi təyin edilmişdi.

E.Əliyev bu vəzifədə Azər Əliyevi əvəz etmişdi.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.