Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun inkişafı üçün hazırladığı strategiyanın icrasını intensiv rejimdə davam etdirməkdədir.

“Report” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir, bu məqsədlə beynəlxalq qurumlarla və digər ölkələrin müvafiq sahədə tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.

Hazırda AMB ilə Dünya Bankı, Beynəlxalq Sığorta Nəzarətçiəri Assosiyasiyasına üzv olan qabaqcıl ölkələrinin nəzarət və tənzimləyici qurumları, habelə Türkiyə Sığortaçılıq İnstitutu Vakfı arasında bir sıra mövzularda texniki yardım və qarşılıqlı təcrübə mübadilələri həyata keçirilməkdədir. Texniki yardım və təcrübə mübadilələri sığorta sektorunda risk əsaslı tənizmləmə və nəzarət, kadr potensialının genişləndirilməsi, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının qorunması və digər istiqamətləri əhatə edir.

Bu çərçivədə 26 mart 2021-ci il tarixində AMB ilə Tükiyənin sığorta sahəsində nəzarət və tənzimləyici orqanı olan Sığorta və Xüsusi Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyi (SEDDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum da imzalanıb. Memorandum çərçivəsində AMB ilə SEDDK sığorta sektorunda tənzimləmə və nəzarət, sığorta bazarında istehlakçıların müdafiəsi, kadr potensialının inkişafı və s. sahələrdə intensiv əməkdaşlıq istiqamətləri müəyyən edilib.