Regionda ilk güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, 2 avqust 2021-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin Sumqayıt şəhərində inşa olunmuş binalarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə 17 avqust 2021-ci il tarixində satışa çıxarılacaq Sumqayıt şəhərində yerləşən güzəştli mənzillər nümayiş etdirilərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verilib.

Agentliyin nümayəndəsi qeyd etdi ki, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa olunmuş layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil var. Ərazidə yaşayış binalarının tikintisi ilə yanaşı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilib, həmçinin uşaqlar üçün basketbol meydançası istifadəyə verilib.

17 avqust 2021-ci il tarixində Sumqayıt şəhərində güzəştli mənzillərin satışına başlanılacaq və 24 avqust 2021-ci il tarixinədək davam edəcək. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 20 avqust 2021-ci il tarixində başlayacaq və 24 avqust 2021-ci il tarixinədək davam edəcəkdir. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Məlumat verildi ki, Sumqayıt şəhərində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu sumqayit.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilmişdir. İnternet səhifə hər kəs üçün Sumqayıt şəhərində güzəştli mənzillər barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir.

Daha sonra tədbirdə iştirak edən şəxslər belə görüşün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdilər və layihədə gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğuladılar.

Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən “Güzəştli mənzil” sistemində elektron kabineti olan vətəndaşlar Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “TuranBank” ASC-nin təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.

Vətəndaşların rahatlığını təmin etmək məqsədilə, bu kredit təşkilatlarının müvafiq filiallarında güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı sualların cavablandırılması işi həyata keçirilir. Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar bu siyahıda göstərilən ünvanlardan birinə yaxınlaşaraq və ya əlaqə nömrələrinə zəng edərək mövzu ilə bağlı suallara cavab tapa bilərlər.

Sumqayıtda güzəştli mənzillər nümayiş olunub (FOTO) - Gallery Image

Sumqayıtda güzəştli mənzillər nümayiş olunub (FOTO) - Gallery Image

Sumqayıtda güzəştli mənzillər nümayiş olunub (FOTO) - Gallery Image