“Bu gün Azərbaycanda güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərə güzəştli şərtlərlə ipoteka verilməsi barədə təklifə münasibət bildirərkən qeyd edib.

“Bu təklif qiymətləndirilməlidir. Bu gün güzəştli ipotekaya çıxış imkanları kifayət qədər böyük təbəqəni əhatə edir. Biz bu sahəni sonsuz genişləndirə bilmərik”, – S.Şərifov qeyd edib.

Hazırda güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

Yaşı 35-dən çox olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər: şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları); Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları); məcburi köçkün və ya ona bərabər tutulan şəxs; ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs; fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs; idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

Yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər: elmlər doktoru elmi dərəcəsi olan şəxs; ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular; ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs; ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər; ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs; ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.