Kirayə mənzillərlə bağlı əsas çatışmazlıqlardan biri mənzilin üç ildən tez rəsmiləşdirilməsinin qeyri-mümkünlüyü idi.

Əmlak eksperti Elnur FərzəliyevTrend-ə açıqlamasında bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasında edilən dəyişikliklə bu öhdəlik ləğv olunub. Vətəndaş istənilən vaxt mənzili öz adına rəsmiləşdirə bilər.

“Həmin bina komplekslərində yerləşən mənzillərin qiyməti vətəndaşlar üçün əlverişlidir. Elə şəxslər var ki, həmin binalardan mənzili nağd almaq istəyir, bəziləri isə kirayə yolla aldığı mənzili bir müddət sonra satıb kreditini bağlamaq istəyir. Lakin bu, üç il müddəti sona çatmadan mümkün deyildi, yəni mənzil sahibi üç ildən tez mənzili sata bilmirdi. Artıq bu qadağa götürülüb. Bütün bunlar daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Dəyişikliyə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.

Kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində istənilən vaxt kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər.