Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur. Bu zaman daşınar və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.

“Report” xəbər verir ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi, girov predmeti olması isə bu bazarın canlanmasına gətirib çıxarır. Azərbaycanda bu sahə üzrə 2022-ci ilin ilk rübünün statistikasına nəzər yetirək.

Bağlanan ipoteka müqavilələrinin sayı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən aldığımız məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ərzində ölkəmizdə 15 047 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 922 və ya 48,6 %, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 5 596 və ya 59,2 % çox olub.

Ən çox girov qoyulan daşınmaz əmlaklar

Bu ilin 3 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk yerlərdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində 8 864 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 3 ayı ərzində girov qoyulmuş ümumi 15 047 əmlakdan 2 521-i torpaq sahəsinin, 2 264-ü isə fərdi yaşayış evinin payına düşüb.

2022-ci ilin yanvar-mart ayları ərzində

daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri Müqavilə sayı Ümumi göstəricidə payı
Mənzillər 8864 58,9%
Torpaq sahələri 2521 16,8%
Fərdi yaşayış evləri 2264 15%
Qeyri-yaşayış binaları 509 3,4%
Qeyri-yaşayış sahələri 457 3%
Bağ evləri 262 1,7%
Digərləri 170 1,1%
Ümumi say 15 047 100%

Statistik məlumatları təhlil etdikdə məlum olur ki, daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-mart ayları ərzində paytaxtda ümumilikdə 7 717 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,3 %-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (1 904 müqavilə), 2 saylı Sumqayıt (1 222 müqavilə), 3 saylı Gəncə (849 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (631 müqavilə) aparılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.

Ərazi İdarələrinin adı İpoteka müqaviləsinin ümumi sayı
Ölkə üzrə 15 047
1 saylı Bakı Ərazi İdarəsi 7 717
4 saylı Abşeron Ərazi İdarəsi 1 904
2 saylı Sumqayıt Ərazi İdarəsi 1 222
3 saylı Gəncə Ərazi İdarəsi 849
5 saylı Xaçmaz Ərazi İdarəsi 631
17 saylı Yevlax Ərazi İdarəsi 330
7 saylı Bərdə Ərazi İdarəsi 295
13 saylı Şirvan Ərazi İdarəsi 253
6 saylı Beyləqan Ərazi İdarəsi 240
16 saylı Ucar Ərazi İdarəsi 209
10 saylı Lənkəran Ərazi İdarəsi 195
12 saylı Şəki Ərazi İdarəsi 194
11 saylı Şəmkir Ərazi İdarəsi 192
14 saylı Şamaxı Ərazi İdarəsi 192
9 saylı Qəbələ Ərazi İdarəsi 178
8 saylı Cəlilabad Ərazi İdarəsi 165
15 saylı Tovuz Ərazi İdarəsi 162
18 saylı Zaqatala Ərazi İdarəsi 119

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionları üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-mart ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 91,3%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan və 7 saylı Bərdə ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ, 11 saylı Şəmkir və 14 saylı Şamaxı ərazi idarələrinin dislokasiyasında yerləşir.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri İpoteka müqaviləsinin sayı
1 saylı Bakı Ərazi İdarəsi 5961
4 saylı Abşeron Ərazi İdarəsi 1261
2 saylı Sumqayıt Ərazi İdarəsi 871
3 saylı Gəncə Ərazi İdarəsi 401
17 saylı Yevlax Ərazi İdarəsi 132
13 saylı Şirvan Ərazi İdarəsi 58

Apardığımız araşdırmadan məlum olur ki, 2022-ci ilin ilk rübü ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 7 saylı Bərdə, 5 saylı Xaçmaz və 8 saylı Cəlilabad ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri İpoteka müqavilələrinin sayı
1 saylı Bakı Ərazi İdarəsi 608
4 saylı Abşeron Ərazi İdarəsi 272
3 saylı Gəncə Ərazi İdarəsi 261
5 saylı Xaçmaz Ərazi İdarəsi 161
7 saylı Bərdə Ərazi İdarəsi 141
8 saylı Cəlilabad Ərazi İdarəsi 95

Cari ilin 3 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (32 müqavilə) və 15 saylı Tovuz (35 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri İpoteka müqavilələrinin sayı
5 saylı Xaçmaz Ərazi İdarəsi 411
1 saylı Bakı Ərazi İdarəsi 301
4 saylı Abşeron Ərazi İdarəsi 297
2 saylı Sumqayıt Ərazi İdarəsi 160
14 saylı Şamaxı Ərazi İdarəsi 138
9 saylı Qəbələ Ərazi İdarəsi 134