Ötən il Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdə yer alıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ildə mənzil üzrə 42 min 970 ipoteka müqaviləsi bağlanılıb. Girov qoyulmuş ümumi 72 min 977 əmlakdan 12 min 280-i torpaq sahəsinin, 10 min 818-i isə fərdi yaşayış evinin payına düşüb.

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi Bakıda bağlanıb. Ötən il paytaxtda ümumilikdə 40 min 454 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55,4 faizini təşkil edir. Bakıdan sonra ipotekanın dövlət qeydiyyatı ən çox Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (8959 müqavilə), 2 saylı Sumqayıt (4714 müqavilə), 3 saylı Gəncə (3207 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (3009 müqavilə) aparılıb. Həmçinin 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də daşınmaz əmlakın ən çox girov qoyulduğu bölgələr sırasındadır. Bunu, həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qiymətləndirmək olar.

Ötən il ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 93,2 faizi bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub.

Girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Ötən il ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 1 saylı Bakı, 5 saylı Xaçmaz və 4 saylı Abşeron ərazi idarələri tamamlayır.