Rusiya Sənaye və Ticarət Nazirliyi 10 il ərzində bu markalı 242 min avtomobilin istehsal olunacağını gözləyir.

Rusiyanın Lipetsk şəhərində fəaliyyət göstərən istehsalçı – “Motorinvest”in yeni elektrik enerjisi ilə çalışan avtomobili “Evolute” 2022-ci il avqustun sonunda onlayn olaraq təqdim olunacaq. 

Marja xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Təqdimat avqustun son günlərində onlayn formatda planlaşdırılır”, – mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl baş nazirin müavini Denis Manturov bildirmişdi ki, bu ilin üçüncü rübündə “Motorinvest” Lipetsk zavodunda ilk elektromobillər istehsal olunacaq.

Diler şəbəkəsinin doqquz şəhəri əhatə etməsi planlaşdırılır. Bunlar Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Kazan, Krasnodar, Lipetsk, Voronej, Soçi, Rostov-na-Donudur. Eyni zamanda, nazirlik qeyd edib ki, bütün bu regionlarda satışın eyni vaxtda başlanacağını söyləmək hələ tezdir.

Sənaye və Ticarət Nazirliyi 10 il ərzində bu markalı 242 min elektrik avtomobilinin istehsal ediləcəyini gözləyir. Evolute-un qiyməti ilə bağlı məlumatlar hələ açıqlanmayıb. Eyni zamanda, nazirlik qiymətin bu sinif daxili yanma mühərrikli avtomobillər səviyyəsində olacağını qeyd edib.

Daha əvvəl xəbər verildiyi kimi, Sənaye və Ticarət Nazirliyi ilə “Motorinvest”, Evolute brendi altında elektrik avtomobillərinin istehsalının təşkilinə 11 il ərzində 13 milyard rubl sərmayə qoyacaq.