İndi Özbəkistan paytaxtının küçələrində “Yandex Go” samokatları ilə də hərəkət etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, özbək mediası bu barədə “Yandex Go” kompaniyasının mətbuat xidmətinə istinadla məlumat yayıb.

Hamı üçün əlçatan olan bu nəqliyyat vasitələrini şirkətin xidmət tətbiqi vasitəsilə icarəyə götürmək olar. “Yandex Go” bildirib ki, samokatı icarəyə götürən müştərilər ona yetişmək üçün 10 dəqiqəlik pulsuz vaxt əldə edirlər. Ondan istifadənin qiyməti 890 özbək somundan (təqribən 11 qəpik) başlayır, müddəti isə 30 dəqiqədən 100 dəqiqəyə qədərdir. Gediş üçün ödəniş tətbiqdə qeydə alınmış kart vasitəsilə avtomatik olaraq həyata keçirilir.

Səyahətdən əvvəl istifadəçilər samokatdan təhlükəsiz istifadə etmək barədə sadə təlimatlar alacaqlar. Onlar insanların çox olduğu yerlərdə avtomatik olaraq sürəti azaldır. Belə izdihamlı zonalar tətbiqdəki xəritədə qeyd olunur. Samokat sürülməsi qadağan olunmuş ərazilərdə onların sürəti tam dayanana qədər tədricən azalır.

“Yandex Go” şirkətinin MDB ölkələrində Samokat xidmətinin rəhbəri Temirlan Toğuzbayev deyir: “Elektrikli samokat qısa səfərlər üçün çox rahatdır, habelə tıxacların qarşısını almağa və vaxta qənaət etməyə kömək edir, lakin onu təhlükəsiz sürmək üçün ehtiyat tədbirlərinə riayət edilməsi vacibdir”.

Elektrikli samokatı təhlükəsiz və rahat idarə etmək üçün onun üzərində birdən çox adam olmamalıdır. Bununla yanaşı, 18 yaşından etibarən elektrikli samokat icarəyə götürə və sürə bilərsiniz, həmçinin bir hesabdan eyni anda onlardan üç ədədini icarəyə götürmək mümkündür.