Türkiyədə istehlak qiymətlərinin artım tempi mart ayında yenidən sürətlənərək 2022-ci ilin noyabrından bəri yeni maksimuma çatıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Statistika İnstitutunun (Türkstat) hesabatına görə, martda inflyasiya illik ifadədə 68,5 faiz təşkil edib.
Türkiyədə istehlak qiymətlərinin artımının sürətlənməsinə, əsasən minimum əməkhaqqının yüksəldilməsi səbəb olub ki, bu da ölkədə inflyasiyanın əsas hərəkətverici qüvvəsi olan xidmətlərin kəskin bahalaşması ilə nəticələnib.
Mart ayında ölkədə təhsil xidmətləri ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çox, tibbi xidmətlər 1,8 dəfə, mehmanxana, kafe və restoranlarda qiymətlər 1,9 dəfə, kommunal xidmətlərin qiyməti 1,5 dəfə, nəqliyyat qiymətləri 1,8 dəfə bahalaşıb. Eyni zamanda, ötən ay ərzaq məhsullarının qiyməti 1,7 dəfə, geyim qiymətləri isə 1,5 dəfə artıb.
Analitiklər hakim partiyanın 31 mart seçkilərində geriləməsinin əsas səbəbini mövcud sosial-iqtisadi vəziyyətdə görürlər. Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan da vurğulayıb ki, “seçicinin sandıqdan küsməsinin” səbəbi həyat bahalığı və yüksək inflyasiyadır.