Türkiyədə illik inflyasiya sentyabr ayında yenidən artıb.

APA-Economics” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin sentyabr ayında inflyasiya 61.53%-ə kimi artıb. Avqust ayında bu rəqəm 58.94% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 4.75%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 49.86% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 20.16% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.48% ilə restoran və otellər qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə başlayıb.