Türkiyədə yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini kəskin azaldıb. Son 10 ildə istehlak qiymətləri indeksi 10 dəfə artıb. Məsələn, 10 il əvvəl orta hesabla 100 lirəlik alış-veriş üçün bu gün 1000 lirə xərcləmək lazım gəlir.

Marja xəbər verir ki, mal və xidmətlər daha yüksək qiymətə satıldığı üçün bazarda ən yüksək dəyərli əskinas olan 200-lük əskinasa tələb 2021-ci ildən sonra sürətlə artıb. 2017-ci ildə tədavüldə olan əskinasların 25 faizi 200 nominalda olan əskinaslar idi. 2021-ci ilin sonunda bu nisbət 40 faizə, bu gün isə 76 faizə çatıb. Bu, 200-lərin indiyədək çatdığı ən yüksək səviyyədir.

2021-ci ildə tədavüldəki payı 50 faiz olan 100 lirəlik əskinasların payı bu günlərdə 19 faizə düşüb və bu, indiyə qədər görülən ən aşağı səviyyədir.

Beləliklə, iki ən böyük əskinasın (200 və 100 nominalda) bazardakı payı 95 faizə çatıb.

Digər tərəfdən, 50 lirəlik əskinasların payı 3 faizə; 20 və 10 lirəlik əskinasların payı hər biri üzrə 1 faizə qədər azalıb.

Pul daşımağın getdikcə çətinləşməsi Türkiyədə tez-tez yeni 500 və 1000 TL-lik əskinasların nə vaxt çap ediləcəyi mövzusunu gündəmə gətirir.