Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) xalis ehtiyatı ötən həftə mənfi 0,2 milyard dollara qədər düşüb.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ehtiyatları sürətlə azalmaqda davam edir.

Marja.az TCMB-nin məlumatlarına istinadən xəbər verir ki, ötən həftə cəmi ehtiyatlar 3,5 milyard dollar azalaraq 101,6 milyard dollara düşüb. İki həftə ərzində ehtiyatlarda 12,5 milyard dollar azalma qeydə alınıb. TCMB-nin ehtiyatları iki ayda 25 milyard dollar azalıb.

Digər tərəfdən, xalis ehtiyatlar tarixən aşağı səviyyədədir. TCMB-nin xalis ehtiyatları mənfi 0,2 milyard dollara qədər azalıb. Beləliklə, 21 ildə ilk dəfə olaraq xalis ehtiyatlar mənfi zonaya keçib.

“Swap”lar istisna olmaqla xalis ehtiyatlarda da kritik səviyyə müşahidə olunub. Müvafiq olaraq, svoplar istisna olmaqla xalis ehtiyatlar mənfi 60,3 milyard dollar təşkil edib. Əvvəlki həftə bu rəqəm mənfi 57,8 milyard dollar olaraq qeydə alınmışdı.

Xalis valyuta ehtiyatı TCMB məlumatlarının aktiv hissəsindəki xarici aktivlərdən passiv hissədə cəmi xarici valyuta öhdəlikləri çıxıldıqdan sonra əldə edilən rəqəmin həmin günün məzənnəsinə bölünməklə hesablanır.