ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası süni intellekt və kriptovalyuta üzrə çar vəsifəsini elan edib. “Reuters”in verdiyi məlumata görə, prezident bu vəzifəyə “PayPal”ın keçmiş baş əməliyyat direktoru Devid Saksın namizədliyini irəli sürüb.
“O, kripto sənayenin şəffaf olması və ABŞ-də inkişaf edə bilməsi üçün hüquqi baza yaratmaq üzərində işləyəcək”, – deyə Tramp “Truth Social” səhifəsində yazıb.
Qeyd edək ki, əvvəlki vaxtlarda kriptovalyutanı fırıldaq bir iş olduğunu hesab edən respublikaçı seçki kampaniyası zamanı ABŞ-ni “planetin kriptovalyuta paytaxtı” edəcəyinə söz verib.
Noyabr ayında gələcək Amerika lideri Mask və iş adamı Vivek Ramasvamini Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbərləri vəzifəsinə təyin edib. Yeni DOGE strukturunun abbreviaturası Maskın təbliğ etdiyi “Dogecoin” kriptovalyutasının adı ilə üst-üstə düşür.
Şöbə hakimiyyət orqanlarının səmərəliliyini artıracaq. Milyarder bu təyinatı belə şərh edib: “Demokratiya üçün təhlükə? Xeyr, bürokratiya üçün təhlükə!”.